"Qrammatika patrulu"

İspaniyalı məktəblilər sosial şəbəkələrdə məşhurların səhvlərini axtarır
İspaniyanın 14 yaşlı məktəbliləri hesab edirlər ki, ispan məşhurlarının qrammatika qaydalarını öyrənmək vaxtıdır. Şagirdlər sosial şəbəkələrdə məşhurların buraxdıqları səhvləri tapmaq üçün hərəkətə keçiblər. Özlərini "Orta təhsil xəfiyyələri" adlandıran şagirdlərin hədəfində siyasətçilər, aktyorlar, idmançılar və hətta yazıçılar da var. Şagirdlər məşhurların sosial şəbəkələrdə buraxdıqları səhvləri tapır və bu barədə onlara məlumat ünvanlayırlar.
Ölkənin kiçik Berlanqa bələdiyyəsində qrammatika qaydalarını kobudcasına pozanları aşkar etmək üçün məktəblilər abunəçilərinin sayı 9 mini keçən "İnstagrame" və "Tvittere"də hesab yaradıblar.
"Qrammatika patrulu"na uşaqları coğrafiya müəllimi Alexandro Qalan ruhlandırıb. O ümid edir ki, bəzi məktəblilərin çox vaxt ayırdığı sosial şəbəkələrin köməyi ilə onlar orfoqrafiya və durğu qaydalarını daha yaxşı yadda saxlamağa müvəffəq olacaqlar. "Sosial şəbəkələrdə səhvləri tapmaq məktəbdə əldə olunan bilikləri inkişaf etdirmək üçün daha əyləncəli üsuldur", - deyə A.Qalan "Euronews"ə bildirib. Müəllimin sözlərinə görə, o, bu ideyanı Braziliyadakı yerli məktəblərdən birində mənimsəyib, ingilis dilini burada məhz bu yolla öyrədirlər.
"Bizə bu işlə məşğul olmaq çox maraqlıdır, məşhurlardan bəziləri bizim pərəstişgarlarımızdır", - deyə "xəfiyyələrdən" biri olan Ana Çaves etiraf edib. Onun sözlərinə görə, yoxlamalar üçün onlar təsdiq edilmiş və 200 mindən çox abunəçisi olan hesabları seçiblər. "Mən düşünürdüm ki, biz daha az səhv tapacağıq. Bu layihə mənim gözlərimi açdı".
Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes, müğənni Rosario Flores kimi bəzi məşhurlar məktəblilərin mesajlarına cavab verir və "qrammatika patrulu" üçün onlara təşəkkür edirlər.

Oruc MUSTAFAYEV


Oxşar xəbərlər