Şagirdlərimizə təhlükəsiz yaşamağı öyrədək

Şagirdlərimizə təhlükəsiz yaşamağı öyrədək ABŞ-ın ən yaxşı müəllimi Maykl Soskil uşaqlara məktəbdə qadjetdən istifadəni qadağan etməmənin 5 səbəbini izah edir
ABŞ-da keçirilən “2017-ci ilin müəllimi” müsabiqəsinin qalibi, Pensilvaniya ştatından olan Maykl Soskil öz açıqlamaları ilə ölkənin pedaqoji mühitində qızğın müzakirələrə rəvac verib. ABŞ-ın ən yaxşı müəllimi hesab edir ki, məktəblərdə qadjetlərdən istifadənin qadağan olunması siyasəti tədris prosesinə nəinki kömək edir, əksinə ziyan vurur. M.Soskil ümumtəhsil məktəblərində mobil qurğulardan istifadənin qadağan edilməməsinin aşağıdakı 5 səbəbini əsaslandırmağa çalışır və müəllimləri bu fikirlərə münasibət bildirməyə səsləyir.
Biz uşaqları gələcəyə hazırlamalıyıq
Əgər biz şagirdlərimizi məktəbdən sonrakı böyük həyata hazırlayırıqsa, artıq indi onlara o alətlərdən istifadə etməyə icazə verməliyik ki, gələcək həyatlarında onlara lazım olacaq. Siz mobil telefonlardan və planşetlərdən tamamilə istifadə olunmadığı nə qədər iş yerinin adını çəkə bilərsiniz? Mexanik telefonla detalları sifariş edir, planşetdə mühəndislər cizgilərə baxır, həkimlər dərman dozalarını hesablayır, dükançılar isə xərclərlə gəlirləri yoxlayırlar. Siyahı sonsuzdur. O vaxt ki bizim şagirdlərimiz peşəkar olacaqlar, mobil texnologiyalardan istifadəyə ehtiyac daha güclü olacaq. Şagirdlərimizi bu dünyaya hazırlamamaq cinayətdir.
Biz uşaqlarımızın xeyri üçün dərsdə telefonlardan istifadə edə bilərik
Bizim məktəblərimizdə büdcə problemlərinin olduğu indiki vaxtda asanlıqla əlçatan olan texnologiyalardan istifadə məntiqlidir. Avadanlığın bahalığını əsas gətirərək rəqəmsal texnologiyaları təhsil prosesinə daxil etməyə tələsməyən nə qədər məktəb var? Bəli, onlar çoxdur! Bununla belə, bizim hər bir şagirdimizin cibində internetə çıxışı olan kiçik kompüter, internetdə isə minlərlə pulsuz əlavələr var ki, onlardan dərsdə uşaqlarımızın təlimi xeyrinə istifadə edə bilərik. Amma biz bunun yerinə dərsdən əvvəl uşaqlardan telefonları yığır və ölü yük kimi qutuya qoyuruq.
Telefonlar 21 əsr bacarıqlarını öyrətməyə kömək edir
Mobil qurğular uşaqları 21-ci əsrin bacarıqlarına öyrətmək üçün əla vasitədir. Əgər siz istəyirsinizsə ki, uşaqlar əməkdaşlıq etməyi öyrənsinlər, bunun üçün telefondan daha yaxşı alət varmı? Məktəblər tərəfindən telefondan istifadənin əleyhinə olan əsas arqumentlərdən biri odur ki, uşaqlar aldada, köçürdə bilərlər. Mən cavab olaraq demək istəyirəm ki, bu vəziyyətdə günahkar uşaqlar və onlarda telefonun mövcudluğu deyil, məhz diqqətsiz təşkil edilmiş tapşırıqlardır ki, onlara da cavabı internetdə tapmaq olar. Məktəblilərin konkret biliklərini yoxlayan testlər onları böyük dünyada qarşıdakı həyata hazırlamır. Biz onlara informasiyanı axtarmağı, qərarlar qəbul etməyi, hansısa bir məsələ üzərində birgə işləməyi öyrətməliyik. Belə bacarıqlar lazımdır onlara. Və burada mobil telefon bizim köməkçimiz ola bilər, çünki o dünyanın hər hansı nöqtəsində olan insanlarla kommunikasiyanı həyata keçirməyə imkan verir. Siz uşaqların Fransanın iqlimi haqqında biliklərini yoxlamaq üçün onlara test verirsiniz? Daha yaxşı olar ki, siz onlara dərsdə fransalı məktəblilərlə video konfrans təşkil etməyi təklif edəsiniz ki, onlar öz ölkələrinin iqlimindən danışsınlar. İnanın, bu yolla alınmış biliklər unudulmayacaq.

Şagirdlərimizə təhlükəsiz yaşamağı öyrədək

Biz uşaqlara göstərməliyik ki, ikiqat standartlardan istifadə etmirik
Mən müxtəlif məktəblərdə ayrı-ayrı müəllimlərin fərqli dərslərində olurdum və onların dərsdən əvvəl uşaqlardan smartfonları necə yığmasını, özlərinin isə dərsdə həm telefondan, həm də planşetdən tez-tez istifadə etməsini görürdüm. Bəzən hətta uşaqlar müstəqil iş yerinə yetirərkən qohumlarına mesaj göndərir və ya sosial şəbəkədə olan məlumatları oxuyur. Əgər bunları mən görmüşəmsə, bunu həm də uşaqlar görür. Və artıq buna alışırlar ki, ikili standartlar normaldır, sonralar isə bu bilikləri özləri ilə yaşlı həyatlarına aparırlar. Lakin ikili standartlar pisdir və bizə uşaqlara məhz bu həqiqəti öyrətmək lazımdır.
Uşaqları qadjetlərdən təhlükəsiz istifadəyə öyrətmək lazımdır
Bizə uşaqlara texnologiyalardan təhlükəsiz istifadə üsullarını öyrətmək lazımdır. Telefonları yığmaq, dərsin sonuna kimi qutuya qoymaq və sonra qaytarmaq uşaqlara qarşı məsuliyyətsiz münasibətdir. Biz məktəbdə qadağan etsək də, etməsək də məktəblilər mobil telefonlardan istifadə edirlər. Onlar ünsiyyət saxlayır, sosial şəbəkələrdən istifadə edərək bir-birinə şəkil göndərir və informasiya istehlak edirlər. Bizə onlara bunu necə təhlükəsiz etməyi öyrətmək lazımdır. Təhlükələr və mobil qurğulardan istifadənin əngəlləri yox olmur. Məyər, şagirdlərimizə təhlükəsiz yaşamağı öyrətmək bizim vəzifəmiz deyilmi?
ABŞ-ın ən yaxşı müəlliminin təhsilə dair düşüncələri belədir. O deyir ki, gəlin, hər şagirdin keyfiyyətli təhsil alması, həyatda xoşbəxt və müvəffəqiyyətli olması üçün bərabər imkanları təmin edən bir ictimai təhsil sistemi quraq.
Qeyd edək ki, STEM təhsili, qlobal əməkdaşlıq və texnologiyaların inteqrasiyası sahəsində tanınmış ekspert olan M.Soskil müəllimlər, təhsil KİV-i, sosial yenilikçilər üçün çoxsaylı peşəkar tədris məşğələləri işləyib hazırlayıb. 2017-ci ildə ABŞ-ın ən yaxşı müəllimi elan olunub. Riyaziyyat və təbiət elmləri sahəsində böyük nailiyyətlərinə görə ABŞ prezidenti mükafatına layiq görülüb. O, 2016-cı ildə bütün dünya üzrə keçirilən “İlin qlobal müəllimi” müsabiqəsinin 10 finalçısından biri olub.

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər