"Nəfsin insanı aldatma mexanizmi necə işləyir?.."

Bizim fitrətimizdə qoyulan duyğuların içində həya hissi xüsusilə önəm daşıyır. Lap qədimdən insanlar ən çox ehtiyat etdiyi məsələlərdən biri də məhz abır-həyalarının getməməsi idi. Bu, əslində normal cəmiyyətləri ayaqda saxlayan mühərriklərin içərisində ən önəmlisidir. “Kumeyl” duasında Mövla Əli (ə) bu mövzuya elə bir şəkildə yanaşıb ki, insan diqqət etmədən keçə bilmir: “Mən isə nankorluq edib, nəfsimin əsiri oldum. Düşmənimin, mənim günahlarımı bəzəyib-düzəyib aləmə car çəkməsindən də qorxmadım. Beləcə, məni istədiyi kimi aldatdı”. Orta əsrlərdə Qərbdə kübar dairələrdə belə bir dəb var idi ki, müəyyən məclislər təşkil edirdilər ki, orada hamı maskalarda olurdu. Maskalar insanların əsil kimlyini gizlədir, müvafiq olaraq – statusuna uyğun olmayan əməllər edən kəslərin kimlyi qorunurdu. O məclislərin əsil faciəsi isə kiminsə təsadüfən üzündən maskasının düşməsi olurdu… Yəni, ən fəsad dolu yerlərdə belə, insanlar eyiblərinin ortaya çıxmasından ehtiyat edirdilər. Mövlamız Əli (ə) duanın “Düşmənimin günahlarımı bəzəyib-düzəyib aləmə car çəkməsindən də qorxmadım. Beləcə, məni istədiyi kimi aldatdı” cümləsi ilə edilən günahların mühərriklərindən birini də bizə tanıdır. Bəzən insanlar gizlində günah etməklə, lənətlik şeytanın “bundan heç kəsin xəbəri olmaz” vəsvəsəsinin qurbanı olurlar. Mövlanın (ə) düşmən qisimində tanıtdığı nəfs, insanı günaha sövq etmək istədikdə, insanın fitrətinə uyğun olan bəzi mövzuları da nəzərə alır. Onlardan ən önəmlisi – edilən günahların gizlində edilməsidir. İnsan abrını qorumaq üçün istəyi bir çox şeyləri aşkarda etməkdən çəkinir. Şeytan (lən) isə insanın bu duyğularından xəbərdar olduğu üçün, onu gizlində günah etməyə sövq edir. Mövla (ə) sonda “beləcə məni istədiyi kimi aldatdı” kəlməsi isə şeytanın (lən) əsil hədəfinə çatdığını da elan edir. Yəni, şeytanın əsil məqsədi – Allahı bizə unutdurmaq və bizi Rəbbimizin məhzərində istər gizlin, istərsə də aşkar şəkildə günaha sövq etdirməkdir. Bunu da bəzən uğurla bacarır… Allah Təala bizləri aşkar və gizlində günahdan qorunanlardan qərar versin! Mətləb Həmzəli, “Dəyərlər”.

Tehsil-press.az



Oxşar xəbərlər