Yanan millətin dədəsidir…

Yanan millətin dədəsidir… Sahibkarların niyəsə ikiyə bölüb, ayrılıqda idarə etdiyi “Diqlas” yandı. Məsələnin bölünmək yox, yanğın tərəfi maraqlıdır. Kim yandırdı? Niyə yandırdı?
Ümumiyyətlə yandırıldımı? Yoxsa sırf texniki uyğunsuzluq üzündən yandımı?! Bu hələlik “sirri xuda” kimi bir şeydir.
Düzünə qalsa, bəndəniz “makentojun” birdən-birə yanmasına inanmır. Çünki heç nə birdən olmur. Bizdə heç olmur. Demək ki, hər şey yavaş-yavaş olub…
Məsələn, Mingəçevir SES-də olduğu kimi…
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda baş verdiyi formada…
Narkodispanserdə olduğu qaydada…
“Binə” Ticarət Mərəzində baş verdiyi formada…
“Sədərək” Ticarət Mərkəzində olduğu kimi, yavaş-yavaş…

Əslində bizdə adamlar bir-birini sözün birbaşa və ya məcazi formasında həmişə pula görə yandırır.
Əslində ölkənin birinci şəxsinin, Prezidentin “inqilab” sayıla biləcək qərar, sərəncam, fərman və jestlərindən sonra adama elə gəlirdi ki, çevrə də düzəlir.
Sevinirdik! Üzümüz gülürdü! Bir az bu qədər gözəlliyə öyrəşməyən bizə mənzərə çöçin də gəlirdi. Yəni inana bilmirdik ki, ağ günə sarı gedirik hamılıqla.
Üzləri “ağ olsun” tələsik xatırlatdılar ki, “qozbeli qəbir düzəldər!”
Düzü adam anlamır, ağlı idrak eləmir ki, ölkə üçün ən vacib, ən həssas bir dönəmdə iş adamları vətəndaşın qarşısına çıxmağı şəninə sığışdırmır. Yenə də pul, obyekt davası edir.
Yanan ticarət mərkəzinin rəhbərləri deyir ki, zəhmət çəkib özünüzü, mağazanızı, malınızı sığortalayardınız zamanında. FHN rəsmisi deyir ki, sizə hər hansı kompensasiya ödənilə bilməz. Niyə? Yenə də məsələ gəlib çıxdı sığortaya. Biz bunu eləmirik. Yenə niyə? Çünki ümidvarıq, bunu da bizim yerimizə Allah edir. Yəni hamı Allaha təvəkkül, deyir, Allah qorusun deyir.
Eheyyyy, İNSANlar Allah daha bizi qorumur! Bəndəsi olaraq mən niyəsini özümə izah eləmişəm. Kül olan “Diqlas”ın binası qarşısında toplaşan adamlara baxanda, onların fağır, miskin, əli hər yerdən üzülmüş halını görəndə fikirlərimdə bir daha haqlı olduğuma inandım…
Biri deyir, üç min bocum var, faizə…
Biri deyir, evə çörək pulu aparmalıyam, başa düşürsüüüzzz…
Biri deyir, min dənə belə obyektiniz var, təcili satın camaatın ziyanını ödəyin…
Biri deyir, canım xəstədir, qazancım olmasa öləcəm…
Biri deyir, banka üç kredit ödəyirəm, necə edəcəm?!..
Biri deyir, zaman istəyirsən, beş-altı ay zaman çəkəcək, evimi, xəstəmi necə edim bəs?!..
Biri deyir, 12 minə mağaza almışam, 80 min manatlıq mal var idi içində, batdı… İndi bir manat yoxdur, nəinki mağazaya mal, evimə çörək aparım.

Sonra da əli ilə hər kəsi göstərir, deyir “baaaxxxx, gördüyünüz hər kəs, ailəsi ilə birlikdə ölüdür!”
Sonra da təklif gəldi ki, bəs Prezİdentə müraciət edək, bizə kömək eləsin.
Niyəsə əminəm, məsələ Prezidentə müraciət həddinə çatsa, o, adamlara dəstək olacaq. Bəs sonra noolacaq?
“Diqlas” şefləri yenə didişəcək! Yenə vergini bir adam əldə yığacaq, dövlətə “atacaqlar”! Yenə arenda haqları əldə toplanacaq! Yenə nə “Diqlas” özü, nə də ayrı-ayrı sahibkarlar əmlaklarını sığortalamayacaq! Çünki ələbaxan adamlar bilir, gələn dəfə də sızıldayacaqlar və iş tənbəlyönü, onlara sərf olan variantda həll olunacaq…
…Və bir gün “Diqlas” yenə müəmmalı şəkildə yanacaq…
Biz də onda biləcəyik ki, əslində məsələ daha acınacaqlıdır. Biz də hər şeyi bilirdik. Amma özümüzü elə aparırdıq ki, guya belə yazan, belə düşünən, belə bilən hər kəs aqressivdir, səhvdir, vətəni sevmir! Bəlkə onda “bəs nə vaxt düzələcək?” sualının cavabını da dinləyəcək cəsarəti oldu kimlərinsə…
…Əslində ölkədə insan və qanun problemi həll olunmayınca heç nə dəyişməyəcək…
…Əslində bütün postlardakı məmurlar vicdanla işləməyincə nəsə düzəlməyəcək…
…Əslində məcburi sığorta haqda qanun qəbul edilib, işlək hala gətirilməyincə, hələ dövlətin cibindən çox pullar axacaq…
…Əslində Prezidentə yalan məlumatlar ötürən dəstə sistemdən, komandadan tam uzaqlaşdırılmasa heç nə alınmayacaq…
…Əslində telekanallardan “rəngli” adamlar, əndrabadi verilişlər, kimlərinsə puluna başımıza hoppanan manıs arvadlar, ütülü, bayağı təriflər yığışmayıca heç nə düzəlməyəcək…
…Və əslində anlaşılmayınca ki, bu olkədə, indi hamıdan, hər kəsdən böyük müxalifətçiliyi ölkə başçısı edir, nəsə dəyişməyəcək…

“Binə” Ticarət Mərkəzi yanır, “Sədərək” Ticarət Mərkəzi yanır, dənizdə buruğumuz yanır, Narkodispanser yanır, indi də “Diqlas” yandı. Əslində kimsə demək istəmir ki, yanan camaatın “Diqlas”ı, eee, dədəsidir, vəssalam…

Jalə Mütəllimova



Oxşar xəbərlər