Nənəsini qətlə yetirib yandıran nəvə...

Nənəsini qətlə yetirib yandıran nəvə... Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində ifadə verən İlham Cahangirov qətlə yetirilən qadının qonşusu olduğunu deyib. Bildirib ki, hadisə baş verən gün evdə olub:
"Səhər saat 9 radələrində avtomobilə baxmaq üçün küçəyə çıxanda, mərhum Tamilla xanımgilin qapısından tanımadığım bir nəfərin çıxdığını gördüm. O idman geyimində idi. Qapıdan çıxan kimi papağı başına keçirdi və çantanı çiyninə ataraq getdi. Onu tanımasam da, qonaq olduğunu zənn etdim. Evə qayıdandan bir neçə dəqiqə sonra qonşunun yanğın olması barədə qışqırdığını eşitdik. Dərhal evə doğru qaçdıq, amma artıq alov bütün evi bürümüşdü. Müdaxilə edə bilmədik və yanğısöndürənlər gəlib alovu söndürdülər. Həmin vaxt Tamilla xanımın evdə olduğunu bilmirdik. Sonradan məlum oldu ki, ona xəsarət yetirərək öldürdükdən sonra evi yandırıblar".
Şahid əlavə edib ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşına gördüyü naməlum şəxs barədə məlumat verib. Yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına baxış keçirməklə həmin adamın şəxsiyyəti müəyyənləşdirilib.
Proses iyulun 10-da davam edəcək.
İttihama görə, ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda yanğın baş verib.
Saat 09:30 radələrində yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyevin törətdiyi müəyyən olunub və o, tutularaq istintaqa cəlb olunub.
Ona quldurluq məqsədilə xüsusi amansızlıqla qəsdən adam öldürmə əməli ilə bağlı ittiham verilib.

Tehsil-press.az

Oxşar xəbərlər