AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında multidissiplinar problemlər müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında multidissiplinar problemlər müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) geniş büro iclası keçirilib.
İclası bölmənin akademik-katibi, akademik Nazim Məmmədov açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Akademik Biologiya və Tibb Elmləri Bölməsinin alim və mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirin multidissiplinar elmi nəticələrin əldə edilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, “Ağ ciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidistiplinar tədqiqi: nəticələr, proqnozlar və gələcək istiqamətlər” üzrə aparılan araşdırmaların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edərək, son dövrlərdə multidissiplinar elmi problemlərin geniş müzakirə olunması və akademiya ilə ölkənin müxtəlif elmi qurumları arasında birgə araşdırmaların aparılmasına xüsusi diqqət ayırdığına görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təşəkkür edib. O, məruzənin tibb sahəsində müvafiq mövzu üzrə prioritet istiqamətlərin müəyyənləşməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonra Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov ağ ciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidistiplinar tədqiqinə həsr olunmuş elmi məruzəsini təqdim edib. Alim bildirib ki, onkoloji və neyrodegenerativ (Alzeymer, Parkinson və s.) xəstəliklərin tədqiqi müasir biotibbin ən prioritet istiqamətlərindəndir. Məruzəçi bu xəstəliklərin hər birində genetik, epigenetik, ətraf mühit, oksidativ stress və s. faktorların mühüm rol oynadığını bildirərək bu multi-faktorlu xəstəliklərin yaratdığı problemlərin araşdırılması və onların həllində innovativ, multidissiplinar yanaşmaların tətbiq edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin alimləri tərəfindən yaradılan süni intellekt texnologiyalarının tətbiqi ilə ağ ciyər karsinoması xəstəliyinin proqnozu üzrə tədqiqat işlərinin nəticələrindən danışıb. Yaradılan intellektual sistem sağlam insanları 80 faizə qədər, ağ ciyər karsinoması xəstələrini isə 90 faizə qədər dəqiqliklə təyin etmək imkanına malikdir.
Onun sözlərinə görə, inteqrativ bioloji yanaşma əsasında xərçəng hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini və dəqiqləşdirilməsi, xərçəng xəstəliyinin gedişatının riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması üzrə işlər aparılıb. Həmçinin xərçəng xəstəliyi ilə bağlılığı məlum olan, yaxud güman edilən genlərin genomda təşkil və transkripsiya səviyyəsində ekspressiyası xüsusiyyətləri də bioinformatik üsullarla araşdırılıb.
İclasda məruzəyə dair müzakirələr aparılıb. Akademiklər Rasim Əliquliyev, İradə Hüseynova, Nazim Məmmədov, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, professor Eldar Qasımov və digər alimlər çıxış edərək xərçəng hüceyrələrinin araşdırılması və xəstəliyin müalicəsində süni intellekt metodlarının tətbiqi, həmçinin bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Büro iclasının sonunda bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər