"Təhsil avtobusu – Nəsimi" yay məktəbi Qusarda

İyulun 23-də "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin Qusarda ilk tədbiri keçirilib. ​
Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, yay məktəbinin məqsədi bölgələrdəki ümumi təhsil müəssisələrinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, onlarda həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığının tanıtmaqdır.
Qusarın Urva, Çiləgir, Yasab, İmamqulukənd, Quxuroba, Kirig kənd məktəblərinin şagirdlərinin iştirak etdiyi yay məktəbində "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” və "Nə? Harada? Nə zaman?" intellektual oyun və təlimlər keçirilib.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan 6, 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.
“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
"Azərbaycan üçün öyrət" “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Tehsil-press.az

Oxşar xəbərlər