Azərbaycanda adları “Qırmızı kitab”a düşmüş heyvanların çoxaldılması istiqamətində intensiv iş gedir

Azərbaycanda adları “Qırmızı kitab”a düşmüş heyvanların çoxaldılması istiqamətində intensiv iş gedir “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda işlər davam etdirilir.
Bu barədə Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov məlumat verib. O bildirib ki, Azərbaycanda adları “Qırmızı kitab”a düşmüş və nəsli kəsilməkdə olan heyvanların süni şəkildə çoxaldılması istiqamətində Zoologiya İnstitutunda intensiv iş gedir.
Elman Yusifov qeyd edib ki, Qafqaz və Zümrüdü qırqovulların çoxaldılması məqsədilə optimal variantların əldə olunması üçün tədqiqatlar aparılıb. Qəfəs və volyer şəraitində qırqovul balalarının inkişaf dinamikası izlənilib. İnstitutun Tətbiqi Zoologiya Mərkəzində onlar süni şəkildə çoxaldılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əldə olunan razılığa əsasən, süni şəkildə çoxaldılmış Qafqaz qırqovullarını və boz kəklikləri 2020-ci ilin mart ayında təhvil verəcəyik, yəni onları özlərinin oylaqlarına, təbii olaraq yaşadıqları ərazilərə ötürəcəyik.
Elman Yusifov vurğulayıb ki, Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların çoxaldılması məsələsinə xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda “Qırmızı kitab”ın I nəşri 1989-cu ildə çap olunub. Kitaba nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü olmaqla ümumilikdə 188 heyvanın adı daxil edilib. “Qırmızı kitab”ın II nəşri 2013-cü ildə çapdan çıxıb. Bura 223 növ heyvanın adı daxil edilib. Fərq çox böyükdür. İki kitabın nəşri arasındakı 23 il ərzində əlavə olaraq 35 heyvan nəsli kəsilmək təhlükəsi altında qalıb. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hər 10 ildən bir çap olunması nəzərdə tutulub. Biz bilmirik III nəşrdə bizi nə gözləyir. Biz çalışırıq ki, “Qırmızı kitab”a yeni növlər daxil olmasın. Çünki bu, ürəkaçan vəziyyət deyil.
Ümid edirəm ki, institutumuzda fəaliyyət göstərən Tətbiqi Zoologiya Mərkəzi bu sahədə uğurlu addımlar atacaq.

Tehsil-press.az

Oxşar xəbərlər