Zoologiya İnstitutunda tətbiqi zoologiya şöbəsi yaradılacaq

Zoologiya İnstitutunda tətbiqi zoologiya şöbəsi yaradılacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunda yeni tətbiqi zoologiya şöbəsinin yaradılması planlaşdırılır.

Bu barədə Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov tehsil-press.az-a müsahibəsində məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi elmi müəssisədə bu günədək fundamental tədqiqatlar aparılır, tövsiyələr verilirdi. Belə bir şöbənin təsis edilməsi zoologiyanın bir çox istiqamətləri üzrə geniş tədqiqatlar aparmağa böyük imkanlar yaradacaq.
İnstitutun fəaliyyəti, həyata keçiriləcək tədbirlər haqqında danışan E.Yusifov deyib ki, 1936-cı ildə əsası qoyulan bu elmi müəssisədə hazırda 14 laboratoriya fəaliyyət göstərir. İndiyədək alimlərimiz dünya elm aləminə təxminən 1000-dək yeni növün, ümumilikdə milli faunamızda mövcud olan 30 minədək canlının təsvirini veriblər. Bu nailiyyətləri Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələr kimi dəyərləndirmək olar.
İnstitutun direktoru planetar bioloji müxtəliflik kontekstindən yanaşdıqda Qafqaz ekosisteminin öz zənginliyinə görə önəmli mövqeyə malik olduğunu bildirib. Vurğulanıb ki, Qafqaz ekosisteminin 70 faizi Azərbaycanın ərazisinə düşür və bu səbəbdən ölkəmizin ərazisində aparılan tədqiqatlar böyük əhəmiyyət daşıyır. İnstitutda aktual olan əsas tədqiqat mövzuları da müvafiq istiqaməti əhatə edir. Bu isə bioloji müxtəlifliyin təsnifatının aparılması, inventarizasiyası və davamlı inkişafının təmin edilməsidir.
E.Yusifov hazırda institutun mütəxəssislərinin xüsusilə nəsli kəsilməkdə olan növlərin araşdırılması istiqamətində çalışdıqlarını diqqətə çatdırılıb. O deyib: “1989-cu ildə çap olunan “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın birinci cildinə 107 fauna növü daxil edilib. 2013-cü ildə isə AMEA-nın Zoologiya, Botanika institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyi ilə işıq üzü görən “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın ikinci cildinə 223 növ daxil edilib. Deməli, 25 il ərzində nəsli kəsilməkdə olan nadir növlərin sayı iki dəfə artıb. Bu, çox təhlükəli haldır. Bioloji və zooloji müxtəlifliyə dair aparılan tədqiqatlar məhz bu baxımdan önəmlidir”.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” müvafiq Sərəncamdan irəli gələn tədbirlərdən bəhs edən E.Yusifov “Azərbaycan Respublikasının Qırmızı kitabı”nın üçüncü cildinə tövsiyələrin verilməsinin də sənəddə əksini tapdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq Zoologiya İnstitutunun mütəxəssisləri 20 fauna növünü yeni kitaba salmaq niyyətindədirlər. Belə ki, son tədqiqatlar nəticəsində Xəzərin sahilindəki bir sıra quşların sayının kəskin azalması müşahidə olunub. Onlar arasında pazdimdiklilər, qara ördəklər dəstəsinə aid quşların sayı xüsusi təhlükəli həddədir. İlk olaraq bu növlərin ovlanmasının qarşısının alınması, daha sonra isə “Azərbaycan Respublikasının Qırmızı kitabı”na salınması üçün addımlar atılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər