Azərbaycan ilə Gürcüstan arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov sentyabrın 25-də bu ölkənin Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
D.Həsənov V.Qomelaurini Daxili İşlər naziri təyin olunması münasibətilə təbrik edib, Azərbaycan tərəfinin rəsmi təbrik məktubunu ona təqdim edib.
Səfir ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərinin bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb.
Diplomat Prezident İlham Əliyevin qonşu və dost Gürcüstan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə diqqət yetirdiyini bildirib.
V.Qomelauri təbrikə və xoş sözlərə görə səfirə, Azərbaycan Daxili İşlər nazirinə minnətdarlıq edib. Nazir Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regional təhlükəsizlik və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın vacibliyini qeyd ediblər.
Söhbət zamanı gələcək əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
V.Qomelauri yaxın vaxtlarda Azərbaycana səfər etmək barədə düşündüyünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər