Bakı Ali Neft Məktəbi ilə Bolqarıstanın Ruse Universiteti arasında birgə magistr hazırlığı müzakirə olunub

Bakı Ali Neft Məktəbi ilə Bolqarıstanın Ruse Universiteti arasında birgə magistr hazırlığı müzakirə olunub Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin ömürboyu təhsil və inkişaf koordinasiyası üzrə prorektoru Plamen Daskalov, Elektrik mühəndisliyi, elektronika və avtomatika fakültəsinin dosenti Tsvetelina Georgieva ilə görüşüb.
Görüşdə bu ali məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə mövcud əməkdaşlığın genişləndirilməsi, eyni ixtisas üzrə magistratura pilləsi üzrə mütəxəssis hazırlığı, ikili diplomların alınması məsələləri, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Qasımov ölkəmizlə Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in fəaliyyəti, tədris prosesi və xarici əlaqələri barədə məlumat verib.
Rektor 2015-ci ildə BANM ilə Ruse Universiteti arasında imzalanan əməkdaşlıq haqqında sazişin bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və birgə elmi araşdırmaların aparılmasında mühüm rol oynadığını bildirib. E.Qasımov ötən müddətdə BANM-in iki tələbəsinin Ruse Universitetində təhsilini uğurla başa vurduğunu xatırladıb. “Biz bolqarıstanlı tələbələrin də BANM-də təhsil almasına, eyni zamanda, Ruse Universitetinin təcrübəli professor-müəllim heyətinin tədris prosesinə cəlb olunmasına maraqlıyıq”, - deyə rektor qeyd edib.
Ruse Universitetinin 75 illik tarixi olduğunu deyən Plamen Daskalov hazırda bu ali təhsil müəssisəsində 10 min tələbənin təhsil aldığını diqqətə çatdırıb. O, təmsil etdiyi universitetin, “Erasmus+” mübadilə proqramının əməkdaşlıq etdiyi ən böyük təhsil ocaqlarından biri olduğunu, Şanxay Texnologiya Universiteti ilə birgə ikili diplom sisteminə keçirildiyini söyləyib. Prorektor BANM ilə belə bir əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O, Ruse Universitetinin diplomlarının bütün Avropada qəbul olunduğunu bildirərək, avtomatika ixtisası üzrə tələbələrin birillik təhsildən sonra ikili diplom əldə edə biləcəklərini deyib.
Sonda magistr hazırlığı və ikili diplomların verilməsi ilə bağlı danışıqlara başlanılması qərara alınıb.

BANM-in Mətbuat Xidməti


Oxşar xəbərlər