Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Kanadanın Kalqari şəhərində Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin (“Society of Petroleum Engineering Global- SPE Global”) təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Petrobowl” yarışının final mərhələsində iştirak edərək fərqləniblər.
Neft-qaz mühəndisliyi ixtisasının tələbələri olan Əli Nurəliyev (bakalavr, V kurs), Nihad Abbasov (bakalavr, V kurs), İsmayıl Əkbərov (magistratura, I kurs), Məhəmməd Vəliyev (magistratura, II kurs) və Niyaz Əhmədzadə (magistratura, II kurs) yarışda Azərbaycanı yüksək səviyyədə təmsil edərək Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olublar.
Xatırladaq ki, BANM-in tələbələri bundan öncə yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün Xəzər regionu üzrə eyniadlı yarışda Rusiya və Qazaxıstanın bütün universitet tələbələrini məğlub edərək birinci yeri tutublar.
“PetroBowl” yarışı neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilən beynəlxalq səviyyəli yarışmadır. Əsası 2002-ci ildən qoyulmuş yarış 2015-ci ildən etibarən qlobal səviyyədə təşkil edilməyə başlayıb. Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin təşkil etdiyi yarışda dünyanın müxtəlif universitetlərindən olan neft-qaz mühəndisliyi tələbələri iştirak edərək ixtisasla bağlı texniki və qeyri-texniki sənaye sahəsinə aid suallara cavab verərək bilik və bacarıqlarını yoxlayırlar.

BANM-nin Mətbuat Xidməti


Oxşar xəbərlər