Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul ediblər

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul ediblər Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev oktyabrın 24-də Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərinin Yevlax, Bərdə, Ağdam, Ağdaş, Şəmkir və Göygöl rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Muxtar Babayev və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Rauf Hacıyev Ağdaş rayonundan, Firdovsi Əliyev isə Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşlarla görüşüblər.
Qəbullar zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, geologiya və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər