Qadın kimyaçılara həsr olunan tədbir

Qadın kimyaçılara həsr olunan tədbir AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə kimya elminin inkişafına töhfə verən və bəşər tarixində silinməz izlər qoyan görkəmli qadın kimyaçıların rolu haqqında “Kimya elminin inciləri” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə elmi müəssisənin direktoru, akademik Vaqif Abbasov açaraq şagirdlərə Azərbaycanın görkəmli kimyaçı qadınları - İzzət Orucova, Elmira Süleymanova, Fəzilə Səmədova haqqında məlumat verib, onları hazırda Neft-Kimya Prosesləri İnstitutunda çalışan elmlər doktorları olan qadınlarla tanış edib.
Sonra institutun baş elmi işçisi Günay Nəsibova “Kimya elminin inciləri” mövzusunda məruzə ilə çıxış edərək Maria Sklodovskaya-Küri, İren Jolio-Küri, Vera Arsenievna Balandina, Marqarita Karlovna Vrangel, Mariya Anna Lavuazye və digər məşhur qadın kimyaçıların həyat və yaradıcılıqları barədə maraqlı təqdimatı uşaqların diqqətinə çatdırıb.
Təqdimatlardan sonra Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi Yelena Şişkalova akademik Vaqif Abbasova institutun 90 illik yubileyi münasibətilə rəsmi təbrik məktubunu təqdim edib və gənc nəslə göstərilən diqqətə görə institutun kollektivinə ürəkdən təşəkkürünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər