BDU-nun jurnalistlər və məzunları üçün elan etdiyi müsabiqələrin nəticələri açıqlanıb

BDU-nun jurnalistlər və məzunları üçün elan etdiyi müsabiqələrin nəticələri açıqlanıb Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq aıi təhsil ocağının öz məzunları üçün “BDU xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” adlı müsabiqənin nəticələri açıqlanıb.
Yazılar universitet nümayəndələrinin və bəzi KİV rəhbərlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
KİV nümayəndələri arasında elan edilmiş “100 ilin zirvəsində” müsabiqəsində 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov “Bu universitet bir palıd ağacına oxşar ki...” sərlövhəli yazısına görə 1-ci yerə layiq görülüb. RealTV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı “Mənim universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli “Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” adlı yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Mənim doğma universitetim”, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Əsrin zirvəsində parlayan elm ocağı” və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu “Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” adlı yazılarına görə 3-cü yerin qalibi olublar.
Birinci yerin qalibinə 1000, ikinci yerin qaliblərinin hər birinə 500, üçüncü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu nəzərdə tutulub.
Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayev “İllərin tarixi” adlı radioverilişinə, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova “BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qəriman “Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslı “Müqəddəs məkanım mənim” sərlövhəli yazılarına görə 200 manat mükafata və universitetin xüsusi diplomuna layiq görülüblər.
Bundan əlavə, müsabiqəyə yazı təqdim edən jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, “Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov “100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin X sinif şagirdi Nuray Məmmədli isə “Qovuşacağımız günə az qaldı” yazılarına görə fərqləniblər.
Münsiflər heyəti, eyni zamanda, Bakı Dövlət Universitetinin məzunları arasında elan edilmiş “BDU xatirələrdə” müsabiqəsinin qaliblərini müəyyən edib. 1-ci yerə tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, 2-ci yerə tarix fakültəsinin məzunu, Türkiyə Respublikası, Diyarbəkir Polis İdarəsinin Təhlükəsizlik şöbəsinin əməkdaşı İbrahim Karataş, 3-cü yerə isə jurnalistika fakültəsinin məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.
Qaliblərdən bəzilərinin yazısı “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.
Qaliblər xüsusi tədbirdə mükafatlandırılacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər