AMEA-nın alimləri Dünya Elm Forumunda iştirak ediblər

AMEA-nın alimləri Dünya Elm Forumunda iştirak ediblər Macarıstanın paytaxtı Budapeştdə keçirilən IX Dünya Elm Forumunda Azərbaycanı AMEA-nın vitse-prezidenti, akademik Dilgəm Tağıyev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov təmsil ediblər.
Forumun təntənəli açılış mərasimində Macarıstan Prezidenti Yanoş Ader, Macarıstan Elmlər Akademiyasının prezidenti Laslo Lovas, UNESKO Baş katibinin müavini Şamila Nair-Beduel, Beynəlxalq Elm Şurasının prezidenti Daya Reddi, Cənubi Afrika Respublikasının Ali Təhsil, Elm və Texnologiya naziri Bonginkosi Nzimandə və başqaları iştirakçıları salamlayıblar.
“Elm, etika və məsuliyyət” devizi altında keçirilən möhtəşəm tədbirin 40-a qədər tematik sessiyasında elmi diplomatiya, elmi etika, elmi jurnalistika, elmin cəmiyyətdə rolu, qida təhlükəsizliyi, iqlim dəyişikliyi, içməli su problemi, mühəndislik, texnologiya və ekologiya, regenerativ təbabət, beynəlxalq elmi əməkdaşlıq, elm sülh naminə, elmin gələcəyi və s. mövzularda 150-yə qədər məruzə dinlənilib.
Macarıstan Elmlər Akademiyasının prezidenti, məşhur riyaziyyatçı alim Laslo Lovas ilə AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev arasında olan söhbətdə akademiyalarımız arasında sıx əlaqələrin, dostluq münasibətlərinin mövcud olması və bunun gələcək əməkdaşlığın perspektivliyi baxımından əhəmiyyətli olacağı xüsusi vurğulanıb.
Forumda 100-ə yaxın ölkədən 900-dən çox nümayəndə iştirak edib. Sonda forumun bəyannaməsi qəbul edilib. Bəyannamədə bir daha bəşəriyyətin gələcəyi üçün elmin, etik prinsiplərin və elmi diplomatiyanın rolu, bu sahədə əldə edilən nailiyyətlər və mövcud problemlər qeyd edilib. Növbəti X Dünya Elm Forumunun 2021-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsi qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər