İlahiyyat İnstitutunda “Vətən məndən başlanır” sosial layihəsi təqdim olunub

İlahiyyat İnstitutunda “Vətən məndən başlanır” sosial layihəsi təqdim olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” sosial layihəsinin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələri, institutun rəhbər və müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov ali təhsil müəssisəsində tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini qeyd edib. O, Aprel döyüşlərindən bəhs edərək vurğulayıb ki, institutun belə layihələrdə iştirak etməsinin məqsədi gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi və Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlar haqqında ətraflı məlumatın verilməsidir. İnstitutun kollektivinin Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə ənənəvi səfəri haqqında danışan Ceyhun Məmmədov qeyd edib ki, bu şanlı hadisələrin gənc nəslimizə təfərrüatlı çatdırılması, tələbələrimizin şəhid ailələrinin sosial həyatında yaxından iştirakı onların vətənpərvər ruhda böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rektor ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların ailələrinə və sağlamlığını itirən şəxslərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb. Aİİ-nin rektoru şəhid ailələrinin və əlil insanların daim qayğı və diqqət ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında bildirib ki, “Vətən məndən başlanır” devizi ilə ilboyu davam edəcək layihənin məqsədi Azərbaycan universitetlərində təhsil alan gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyasının təbliğ olunması, gənclərin öhdəsinə düşən vəzifələrin – çalışqanlığın, məqsədyönlülüyün, əzmkarlığın təşviq edilməsidir. Hər bir gəncin Vətən naminə üzərinə düşən məsuliyyətin fərqində olması xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Fazil Mustafa Aprel döyüşlərinin Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı altında qoymayacağını bir daha sübut etdiyini bildirib. O, Raquf Orucov kimi oğullarımızın qəhrəmanlığının bu inam hissini daha da gücləndirdiyini vurğulayıb. Fazil Mustafa həyatını Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban verən şəhidlərin xatirəsini qoruyub-saxlamağın vacibliyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova Vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanmasında, işğal olunan ərazilərimizin düşməndən azad edilməsində, eyni zamanda, ölkənin gələcək inkişafına nail olunmasında məhz bilikli, peşəkar və dünyagörüşlü gənclərə ehtiyac duyulduğunu bildirib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vətənpərvərliyin düzgün təbliği istiqamətində bu səpkili sosial müzakirələrin xüsusi rolunu qeyd edərək, gənclərin Vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıb və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu bildirib.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi Xatirə Vəliyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təmsil etdikləri qurumların fəaliyyəti haqqında məlumat veriblər. Onlar torpaqlarımızın qorunması uğrunda şəhid olan Vətən oğullarının tanıdılması və xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir tələbələrin çıxışları və onların suallarının cavablandırılması ilə davam edib.
Sonda tədbirdə aktiv olan tələbələrə şəhidlərimizin həyatından bəhs edən kitablar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər