Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. O, ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Qeyd olunub ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən dahi şəxsiyyət ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ulu Öndər Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Tədbirdə çıxış edən DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, həmin fakültənin III kurs tələbəsi İlahə Balakişiyeva və digər çıxış edənlər Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışıb, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, vətən və xalq qarşısındakı xidmətlərini xatırladıblar.
Sonda Ulu Öndərə həsr edilmiş sənədli film nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər