Ulu öndər Heydər Əliyev tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır

Ulu öndər Heydər Əliyev tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bu ali təhsil ocağında fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin Lektoriyasının növbəti məşğələsi keçirilib.
Əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Akademiyanın inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev Ulu Öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Natiq vurğulayıb ki, Heydər Əliyev xalqa, Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək olan fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Baba Salayev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, əfsanəvi şəxsiyyət, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli övladı kimi ürəklərdə qalıb və qalacaq.
Akademiyanın rəisi vurğulayıb ki, Azərbaycan xalqı artıq 15 ildir qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək, dünyanın lider dövlətlərindən birinə çevrilib.
Tədbirdə çıxış edən Akademiyanın humanitar fənlər kafedrasının müdir vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söhbət açaraq, dahi rəhbərin titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər