Görkəmli dilçi alim Zərifə Budaqovanın 90 illik yubileyi qeyd olunub

Görkəmli dilçi alim Zərifə Budaqovanın 90 illik yubileyi qeyd olunub AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, görkəmli dilçi alim, türkoloq Zərifə Budaqovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə müəssisənin direktoru, akademik Möhsün Nağısoylu bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr etmiş Zərifə Budaqovanın elmi fəaliyyətindən danışıb. Qeyd edilib ki, Zərifə Budaqova Azərbaycan dilçiliyində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, qrammatika sahəsinin aparıcı mütəxəssislərindən biri olub. Onun elmi tədqiqatları əsasən Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik məsələləri, xüsusən punktuasiya məsələlərini əhatə edir. Alimin Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, eləcə də dilçiliyin nəzəri və əməli məsələlərinə aid 150-yə yaxın elmi əsəri çap olunub. Zərifə Budaqova 1949-1953-cü illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil alıb, 1953-cü ildə "Müasir Azərbaycan dilində tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb.
Tədbirdə professorlar İsmayıl Məmmədli, Məsud Mahmudov və Sayalı Sadıqova, filologiya üzrə elmlər doktoru Kamilə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova və ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mətanət Mehdiyeva qeyd ediblər ki, Zərifə Budaqovanın Azərbaycan elmi və mədəniyyəti sahəsində xidmətləri yalnız onun monoqrafiya və kitabları, elmi irsi ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri də dərin bilikli elmi kadrlar yetişdirməsidir. Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfər filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq dissertasiyaları müdafiə edib. Alimin ölməz elmi irsi bu gün də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir.

Tehsil-press.az


Oxşar xəbərlər