Tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub

Tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.
İlk tədbir görkəmli alim, tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyinə həsr olunub.
Rektor Ədalət Muradov yubileylə bağlı müvafiq əmr imzaladığını və tədbirlər planını təsdiqləndiyini vurğulayıb. O, Qaçay Heydərovun İqtisad Universitetinin formalaşmasında və inkişafında, eləcə də ölkəmizdə müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən məzunların yetişməsində böyük rolunu vurğulayıb. Tanınmış alimin Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İqtisadi tarix kafedrasının əsasını qoyduğunu və ona uzun müddət rəhbərlik etdiyini bildirib. Onun ən böyük irsinin yetişdirdiyi tələbələr olduğunu deyən professor Ədalət Muradov, onların sırasında akademik Ziyad Səmədzadə kimi dəyərli alimlər olduğunu diqqətə çatdırıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-in 90 illiyi münasibətilə rektorun təsdiqlədiyi tədbirlər planının əhəmiyyətindən söz açaraq, ölkənin tanınmış ziyalılarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlərin vacibliyini vurğulayıb.
Qeyd edib ki, görkəmli alim ömrünün 50 ilə yaxın hissəsini İqtisad Universitetində çalışıb, özünəməxsus tədris metodu ilə yüksəkixtisaslı kadrlar yetişdirib, tələbələrin sevgi və hörmətini qazanıb.
Tədbirdə şair Şirin Məmmədli “Qaçay Heydərov-100” kitabını təqdim edərək, alimlə bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi “Qaçay” poemasından misralar səsləndirib.
Sonra UNEC-in professoru Hidayət Cəfərov uzun illər birlikdə çalışdığı Qaçay Heydərovun yüksək pedaqoji keyfiyyətlərindən söz açıb, onun müəllim adını daim yüksək tutduğunu və universitet kollektivi tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.
İqtisadiyyat fakültəsinin dekanı, alimin tələbəsi, dosent Asiman Quliyev görkəmli elm xadiminin tələbələrlə keçirdiyi görüşlərdən, elmi diskussiyalardan danışıb, sevimli müəllimi ilə bağlı xoş xatirələrini bölüşüb.
Tədbirdə alimin qohumları və yaxınları, ehtiyatda olan polis polkovniki Mahir Əbilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Qələndər Xaçınçaylı, BDU-nun professoru Sədi Bayramov professor Qaçay Heydərovun ağır və şərəfli ömür yolundan danışıblar. Alimin hələ kiçik yaşlarında anasını itirdiyini, ona olan sonsuz məhəbbətini özünün “Ana” şeirində ifadə etdiyini bildiriblər. Çıxış edənlər Azərbaycanın görkəmli elm simaları arasında Qaçay Heydərovun bu gün də nüfuzlu şəxsiyyət kimi xatırlandığını deyiblər.
Tədbirdə professor Qaçay Heydərova həsr olunan videoçarx nümayiş olunub.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər