Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğu xüsusi vurğulayıb. O qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası əhaliyə fövqəladə vəziyyətin elan olunması barədə heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə milliyyətindən, yaşından asılı olmayaraq, günahsız mülki şəxslər, hətta həkimlər amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi.
Sonra institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, laboratoriya müdiri, professor Fikrət Sadıqov və başqaları 20 Yanvar hadisələrindən danışıblar. Qeyd edilib ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımızın xatirəsi qəlbimizdə daim yaşayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər