İlahiyyat İnstitutunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd olunub

İlahiyyat İnstitutunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd olunub Azərbaycan İlahiyyat İnstitutunda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan İlahiyyat İnstitutu gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsi barədə gənclərimiz geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri daha da yüksəldilməlidir.
Vurğulanıb ki, 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayır. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizin məzarını ziyarət edir, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin şəhid ailələrinə və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.
Tədbirdə Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb. Bildirib ki, bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də 20 Yanvar Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaq.
Sonra ali təhsil müəssisəsinin birinci kurs tələbəsi, institutun Tələbə Gənclər Təşkilatının sədri Nicat Hüseynov 20 Yanvar faciəsi zamanı gənclərin Vətən uğrunda göstərdiyi misilsiz şücaətdən danışıb. Diqqətə çatdırıb ki, gənclərimiz müstəqil ölkəmizin suverenliyi, haqq səsimizin beynəlxalq arenaya çatdırılması uğrunda sıx şəkildə birləşməli, birgə mübarizə aparmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər