“Məktəblinin dostu” layihəsi üzrə 300 əməkdaş fəaliyyət göstərir

“Məktəblinin dostu” layihəsi üzrə 300 əməkdaş fəaliyyət göstərir Paytaxtda “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb.
Onlardan 58-i BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 məktəbdə “Məktəblinin dostu” layihəsi həyata keçirilir.
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi üzrə hazırda 300 əməkdaş fəaliyyət göstərir.
“Məktəblinin dostu” layihəsi çərçivəsində ötən il şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən çox məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.
Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı avadanlıqlar yoxlanılıb, bütün siniflər üzrə nəzəri təlimlər aparılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.
Qeyd edək ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər