Evo Morales Boliviya prezidenti vəzifəsinə öz namizədinin adını çəkib

Evo Morales Boliviya prezidenti vəzifəsinə öz namizədinin adını çəkib Boliviyanın keçmiş prezidenti Evo Morales bildirib ki, 2020-ci il mayın 3-də keçiriləcək prezident seçkilərində onun partiyasından prezidentliyə namizəd ölkənin keçmiş iqtisadiyyat naziri Luis Arse Katakora olacaq.
Morales hazırda Argentinada qaçqın vəziyyətindədir.
Morales daha sonra bildirib ki, onun “Sosializmə doğru hərəkət” partiyasından vitse-prezidentliyə namizəd keçmiş xarici işlər naziri Devid Çokeuanka olacaq. Morales kimi, Çokeuanka da aymar xalqının nümayəndəsidir.
Boliviyaya 14 il rəhbərlik etmiş Morales keçən il noyabr ayında prezident vəzifəsindən istefa verib. O vaxt bir neçə həftə davam etmiş etiraz aksiyalarından sonra polis və ordu dövlət başçısını dəstəkləməkdən imtina edib.
Xatırladaq ki, Morales keçən il oktyabrın 20-də Boliviyada keçirilmiş prezident seçkilərinin ilk turunda prezident elan edilib, lakin onun rəqibi Karlos Mesa səsvermənin nəticələrini qəbul etməyib və bundan sonra Boliviya silahlı qüvvələri ölkədə sabitliyin təmin olunması üçün Moralesi öz vəzifəsindən getməyə çağırıb.
Morales ölkəni tərk edəndən dərhal sonra Boliviya rəhbərliyi vəzifələrini öz üzərinə götürmüş müvəqqəti hökumət oktyabr ayında keçirilmiş seçkilərin nəticələrini ləğv edib və cari ilin may ayında yeni prezident seçkiləri keçiriləcəyini elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər