Akademik Teymur Kərimli qazaxstanlı tələbələrə mühazirə oxudu

Akademik Teymur Kərimli qazaxstanlı tələbələrə mühazirə oxudu 3 dekabr 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə görüşüb. Alim həmin fakültənin tələbələri qarşısında “Azərbaycan ədəbiyyatı: klassiklər və müasirlər” mövzusunda geniş mühazirə oxuyub. Sonra o, tələbələri maraqlandıran suallara cavab verib, Azərbaycan şərqşünaslıq elminin nailiyyətlərindən danışıb. Görüş qazaxıstanlı alimlərlə işgüzar müzakirələrlə davam edib.
Qeyd edək ki, Qazaxıstan Milli Universitetinin Şərqşünaslıq fakültəsi Qazaxıstanın yüksək ixtisaslı şərqşünas mütəxəssislərin hazırlanması üzrə ən əsas mərkəzlərindən biridir. Şərq dillərini, həmçinin ərəb və farsdilli ədəbiyyatı dərindən öyrənən bu fakültə öz tarixini XX əsrin 70-ci illərindən götürür. İndi bu fakültə qazax orientalistikasının dünya çapında qəbul edilən elmi mərkəzlərindən biridir. Belə ki, burada təkcə Şərq dilləri və ədəbiyyatının tədrisi həyata keçirilmir, eyni zamanda bu istiqamətdə mühüm elmi-tədqiqat işləri də aparılır. Fakültədə səkkiz: ərəb, fars, türk, çin, koreya, yapon, hind və urdu dilləri üzrə yüksək ixtisaslı mütəxəssislər çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər