Rusiyalı tələbələr Memarlıq və İnşaat Universitetinin qış məktəbində

Rusiyalı tələbələr Memarlıq və İnşaat Universitetinin qış məktəbində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş ənənəvi qış məktəbində bu il Rusiyanın Voronej və Samara Dövlət Texniki universitetlərinin tələbə və müəllimləri iştirak edirlər.
Fevralın 3-dən paytaxtımızda qonaq olan rusiyalı tələbələr artıq universitetdə yerli tələbələrlə birgə işləməyə başlayıblar. Eyni zamanda, onlar “Ağ şəhər” layihəsinin baş ofisində görüşlər keçirib, orada aparılan genişmiqyaslı işlərlə tanış olub, layihə çərçivəsində “Şəhər mühitində bayram yarmarkaları” adlı vorkşopun keçiriləcəyi məkana - Nizami küçəsinə baş çəkiblər.
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva əcnəbi tələbələrlə görüşüb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. N.Abdullayeva rusiyalı tələbələrin Azərbaycanda olduqları müddətdə ölkəmiz və universitet barədə yetərli məlumat əldə edəcəklərinə, öz ölkələrinə müsbət təəssüratlar, xoş xatirələrlə qayıdacaqlarına ümidvar olduğunu bildirib. Rusiyalı tələbələrə AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları barədə məlumat verən prorektor universitetin nəzdində fəaliyyət göstərən lisey və kollecdən də danışıb. O, çıxışında universitetin bakalavr və magistr pillələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələrini həyata keçirdiyini, universitetin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də deyib.
Sonra rusiyalı tələbələr Tikinti-iqtisad fakültəsində fəaliyyət göstərən laboratoriya və kafedralarla tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər