Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) alimlərindən ibarət nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Almaniyalı qonaqlar əvvəlcə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev, Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova iştirak edib. Qonaqları salamlayan rektor müxtəlif layihələr çərçivəsində Almaniyanın bir çox universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması barədə məlumat verib. O qeyd edib ki, BTU ilə də tanışlığın bünövrəsi ötən ildən qoyulub, bu, artıq 3-cü görüşdür. Əməkdaşlığın səmərəli istiqamətlərdə inkişafının vacibliyini vurğulayan G.Məmmədova tələbə-müəllim mübadiləsinin, ikili diplom proqramlarının həyata keçirilməsi, elm sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə təlim və elmi konfransların keçirilməsi, qış və yay məktəblərinin təşkil olunması təkliflərini irəli sürüb. BTU rəsmisi, professor Silvo Simon səmimi qəbul üçün təmsil etdiyi universitetin prezidenti adından AzMİU rektoruna təşəkkür edib. AzMİU-nun bəzi ixtiasasları üzrə onlarda da mütəxəssis hazırlandığını deyən qonaq əməkdaşlığın bu istiqamətdə qurulmasının məqsədəuyğun olduğunu bildirib. Memarlıq, inşaat, ekologiya münəhdisliyi, enerji təhlükəsizliyi, inşaat fizikası və s. sahələrdə işbirliyinin qurulmasını o, hər iki tərəf üçün uğurlu dəyərləndirib. Görüşün sonunda AzMİU ilə BTU arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
AzMİU-nun Mətbuat Xidməti