Memarlıq və İnşaat Universitetində qış məktəbinə başlanılır

Memarlıq və İnşaat Universitetində qış məktəbinə başlanılır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün qış məktəbinə başlanılır.
Fevralın 3-dən 10-a qədər davam edəcək qış məktəbində Rusiyanın Voronej Dövlət Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti və AzMİU-nun yerli tələbələri iştirak edəcəklər. Tələbələr qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər.
Qış məktəbində əcnəbi tələbələrə Memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri keçəcəklər. Sonra tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobusla turlar təşkil olunacaq, burada əyani dərslər gerçəkləşəcək. Eyni zamanda, layihə çərçivəsində “Şəhər mühitində bayram yarmarkaları” adlı vorkşopun keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, əcnəbi tələbələr Şəhidlər xiyabanını da ziyarət edəcəklər. Tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, müasir tikililər - Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “YARAT” Müasir İncəsənət Mərkəzi, Olimpiya stadionunda olacaq, bu tikililər barədə onlara ətraflı məlumat veriləcək.
Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkili üçün onların Bakının tarixi yerləri – Atəşgah və Qala qoruğuna gəzintiləri də nəzərdə tutulur.

Tehsil-press.az




Oxşar xəbərlər