Rusiyalı tələbələr BSU-da

Rusiyalı tələbələr BSU-da Moskva Dövlət Linqvistik Universiteti (MDLU) və Bakı Slavyan Universiteti (BSU) arasında tədris və elm sahəsində qurulan əməkdaşlıq genişlənməkdə davam edir.
BSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Moskva Dövlət Linqvistik Universitetinin Tərcümə fakültəsində təhsil alan bir qrup III kurs tələbəsi 8-16 fevral tarixləri arasında Bakı Slavyan Universitetində dil stajı keçmək üçün Bakıya gəlib.
Fevralın 9-da BSU-nun rektoru, professor Nurlana Əliyeva rusiyalı tələbələri qəbul edib. Görüş zamanı rektor universitetin tədris prosesi, buradakı fakültələr, o cümlədən tərcümə fakültəsi barədə gəncləri məlumatlandırıb, BSU-da təhsil alan yerli və əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb. Tərcümə fakültəsində təhsil alan rusiyalı tələbələrin staj keçmək üçün məhz Bakı Slavyan Universitetini seçmələrini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rusiyalı tələbələr artıq ikinci dəfədir Bakı Slavyan Universitetində olduqlarını qeyd edərək universitetdə son bir il ərzində aparılan yenidənqurma işləri, müəllim-tələbə kollektivi üçün yaradılan münbit şərait barədə müsbət təəssüratlarını bölüşüblər. Tələbələr MDLU-da fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzinin fəaliyyətindən də söz açıblar. Onlar rusiyalı tələbələrin Azərbaycan dilinə və mədəniyyətinə böyük maraqlarının olduğunu bildiriblər. Sonda gənclər rektor N.Əliyevaya Azərbaycan dilində minnətdarlıq ediblər.
Görüşün ardından tələbələr Bakı Slavyan Universitetində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Muzey, universitetdə Milli Qəhrəmanlara həsr olunmuş guşə, habelə tədris və mədəniyyət mərkəzləri və mərkəzlərdə yerləşən kitabxanalarla tanış olublar.
Qeyd edək ki, dil stajı keçmək üçün nəzərdə tutulmuş proqrama əsasən rusiyalı tələbələrə praktik Azərbaycan dili dərsləri ilə yanaşı, BSU-nun aparıcı professor və dosentləri tərəfindən “Azərbaycan dilinin fonetik xüsusiyyətləri”, “Azərbaycan dilində sözlərin forma və məzmunca növləri”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan multikulturalizminin əsas xüsusiyyətləri”, “Azərbaycan dilində sözlərin mənşəcə növləri”, “Azərbaycan dilində nitq hissələri”, “Azərbaycanda tolerantlıq”, “Azərbaycan dilində söz birləşmələri və cümlə” mövzularında mühazirələr oxunacaq.
Proqramda gənclərin Bakının tarixi və mədəni yerləri ilə tanışılığı da nəzərdə tutulur. Tələbələr müxtəlif muzeylərə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyalar edəcək, Akademik Milli Dram Teatrında və Rus Dram Teatrında tamaşalara baxacaqlar.

BSU-nun Mətbuat Xidməti


Rusiyalı tələbələr BSU-daRusiyalı tələbələr BSU-da

Oxşar xəbərlər