Narkotiklərə yox deyək

Narkotiklərə yox deyək Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəncbər kənd tam orta məktəbində narkotiklərin, erkən nikahın, dini radikalizm və ekstremizmin fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, rayon icra hakimiyyətinin, prokurorluğunun, təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.
Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və korrupsiya üçün şərait yaratdığını, məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi proseslərdən uzaqlaşdırdığını, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngitdiyini vurğulayıb. O, son illər Azərbaycanda bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirildiyini bildirib.
Şöbə rəisi erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrinin onların təhsilinə, inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Dini radikalizm mövzusuna toxunan M.Hüseynov ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını bildirib. O, bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğunu vurğulayıb, gənclərə işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr qazanmağı tövsiyə edib.
Tədbirdə narkomaniyanın fəsadları mövzusunda videoçarxlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər