Azərbaycan İlahiyyat İnstitutunun tələbələri tədris və elmi-pedaqoji təcrübəyə başlayıblar

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri tədris və elmi-pedaqoji təcrübəyə başlayıblar Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb.
Rektor tədris və elmi-pedaqoji təcrübələrin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu vurğulayıb. Tələbələrə uğurlar arzulayan rektor onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.
Ceyhun Məmmədov diqqətə çatdırıb ki, gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarıq hər zaman öndə dayanır. Gənclər tələbəlik illərindən səmərəli fəaliyyət barədə düşünməlidir.
Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi mövcuddur. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris və elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. Bildirib ki, elmi-pedaqoji fəaliyyət tələbələr üçün böyük önəm kəsb edir. M.Mürsəlov təcrübələrin mahiyyətindən, keçirilmə qaydalarından, eyni zamanda, tələbələrə qazandırdığı bacarıqlardan da bəhs edib.
Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura səviyyəsində təhsil alan tələbələri isə elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübələr aprelin 13-dək davam edəcək.
Tədbirdə tədris və elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər