Tariximizin qan yaddaşı – Xocalı soyqırımı

Tariximizin qan yaddaşı – Xocalı soyqırımı AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbirdə muzeyin Aran regional filialının müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib. Erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törədilən faciə nəticəsində sakinlərin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Qeyd edib ki, bu soyqırımı hadisəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
Daha sonra Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri unutmamağa səsləyib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xalqımızın başına gətirilmiş faciələrlə bağlı maarifləndirici tədbirlər keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Mərasimdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx təqdim olunub, Atakişili kənd tam orta məktəbinin şagirdləri soyqırımına həsr olunmuş şeirlər səsləndirib, çıxışlar ediblər.
Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər