Musa Qasımlı: Azərbaycan Prezidentinin siyasətinin başlıca məqsədi xalqımızın sağlamlığının təmin edilməsidir

Musa Qasımlı: Azərbaycan Prezidentinin siyasətinin başlıca məqsədi xalqımızın sağlamlığının təmin edilməsidir Koronavirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən az itki ilə çıxmaqdan ötrü Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlət və hökumət qurumlarımızın həyata keçirdiyi önləyici tədbirlər, fövqəladə hallarda yorulmaq bilmədən bacarıqla işləmələri rəğbət doğurur. Belə bir vəziyyətdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri və dövlət başçımızın söylədiyi nitq böyük əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
M. Qasımlı qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələr, o cümlədən tibbi maska qıtlığı mövcuddur. İstehsalçı ölkələrin tibbi maska ixracı ilə yanaşı, istehsal avadanlığının və xammalın ixracını da dayandırmaları müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, millətimizin sağlamlığının etibarlı təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşan dövlətimizin başçısının tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalının Azərbaycana gətirilməsinə nail olub.
O bildirib ki, bu açılışa sadəcə yeni bir müəssisənin qurulması kimi qiymət vermək məhdud yanaşma olardı: “Hər şeydən əvvəl, müəssisənin açılışı bir daha göstərdi ki, cənab Prezidentimizin siyasətinin başlıca məqsədi yaranmış şəraitdə millətimizin və dövlətimizin qorunması, insanlarımızın bu xəstəliyə yoluxmasının qarşısının alınması, sağlamlığının etibarlı təmin edilməsidir. Məhz operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun önləyici addımların atılması öz səmərəsini verdi. Çevik idarəçilik və dövlətimizin sahibkarlara dəstəyi nəticəsində ölkəmizin maska ilə təchizat sarıdan idxaldan asılılığına son qoyuldu və yerli istehsala keçildi. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edən müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Həm də nəzərdən qaçırmayaq ki, bu iş iki həftə ərzində görülüb. İkincisi, qısa müddətdə ölkəmizdə dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Üçüncüsü, müəssisənin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricilərindən biridir. Dördüncüsü, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bütün bunlar yeni iş yerlərinin açılması deməkdir. Nəhayət, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərsə də, dövlətimizin başçısının öz nitqində dediyi kimi, ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın. Dövlət başçımızın nitqində sahibkarlara iş yerlərini ixtisar etməmələrinə dair çağırışı və tələbi hamının ürəyincədir”.
M. Qasımlı əlavə edib ki, dövlət orqanları bütün zəruri tədbirləri həyata keçirirlər.
“Belə şəraitdə vətəndaşlarımız məsuliyyətli, nizam-intizamlı olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün təlimatlarına tam riayət etməlidirlər ki, xəstəlik geniş vüsət almasın, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Biz birlikdə güclüyük”, - deyə professor söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər