Elsevər. Seymur Elsevər - Etibar Cəbrayıloğlu yazır

Elsevər. Seymur Elsevər - Etibar Cəbrayıloğlu yazır Bir az qarmaqarışıq alındı deyəsən... Sovet hökumətinin verdiyi sənədə istinad edib yazası olsam belə alınacaq- Seymur Namazəli oğlu Vəliyev. Ətraflı tanıtım üçün bu da yetərli olmaya bilər. Çünki çoxları onu Seymur Elsevər kimi tanıyır, amma özünün də dediyi kimi, əksər müsahibləri nədənsə “Elsevər”-deyə müraciət edir.
Deyəsən mənzərə tam aydın oldu. Söhbət tanınmış mədəniyyət yazarı, sənətşünas Seymur Elsevərdən gedir. Bu gün 50 yaşı tamam olan Seymur Elsevərdən.
Seymur jurnalistikaya 30 il öncə gəlib, “Bakı”, “Mədəniyyət”, “Kino”, “Səhər”, “Press-fakt”, “Panorama”, “Ekspress” kimi qəzetlərdə maraqlı yazılarla çıxış edib. Mətbuatda çalışan gənc həmkarlarıma ola bilsin bu qəzetlərin adı indi heç nə deməsin, amma o zamanlar populyar olan həmin nəşrlər çox oxucunun qapısını açsa da bu redaksiyaların qapısından içəri keçmək hər jurnalistin bacaracağı iş deyildi.

Elsevər. Seymur Elsevər - Etibar Cəbrayıloğlu yazır

Seymur Elsevər

Mən “Press-fakt” qəzetinə gələndə Seymur Elsevər artıq tanınan bir imza yiyəsi idi. Müstəqillik dövrünün mətbuatında özünəməxsus sanbalı və yeri olan “Press-fakt”da Seymur “Qulaq darıxanda”, “Sorağı gəlməyənlər” rubrikalarında gözəl yazılar yazırdı. Hər həftə çox maraqlı müsahiblər, həmsöhbətlər tapır, qəzeti bir qədər də oxunaqlı etməyi bacarırdı. Seymur hər müsahibədən böyük təəssüratla qayıdır, növbəti qəhrəmanı ilə söhbətlərini “Press-fakt”dakı iş yoldaşlarına detallı, bəzən də uzun-uzadı nəql edir, necə deyərlər yazacağı məqaləni ətraflı danışırdı.
Seymur dostum xoşbəxt taleli insanlardandır. Dünya və Azərbaycan mədəniyyətinə, elminə mühüm töhfələr verən görkəmli insanlarla görüşüb, onlardan müsahibələr alıb. Onların bir çoxları ilə yaxından dostluq edib, bəziləri ilə bu gün də dostluq edir. Cövdət Hacıyev, Əminə Dilbazi, Böyükağa Mirzəzadə, Qulam Məmmədli, Xəyyam Mirzəzadə, Barat Şəkinskaya, Həsən Turabov, Şahmar Əkbərzadə, Şahmar Ələkbərov, Həsən Məmmədov, Mikayıl Mirzə, Həsən Əbluc, Polad Bülbüloğlu, Tahir Salahov, Rüstəm İbrahimbəyov... Bu siyahını xeyli uzatmaq da olar...
Seymur Elsevərin obrazı daha dolğun olsun deyə, bir məsələni də qeyd edim, o, bəlkə də yeganə jurnalistdir ki, elə ilk gündən diktofona, qeyd dəftərçəsinə savaş elan edib. Çünki fenomenal yaddaşı onu heç vaxt çətin durumda qoymayıb. Seymur hər sözə, hər cümləyə, hər fakta aşırı dərəcədə həssaslıqla yanaşan jurnalistlərdəndir. Bu xüsusiyyəti ona ömrünün sonrakı mərhələsində - Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş”, “Kino tarixi”, “Kino tənqidi” fənlərindən dərs deyəndə, görkəmli teatr və kino aktyoru Yusif Vəliyevin yaradıcılığından elmi iş üzərində çalışanda da kömək oldu. Seymur Elsevər özünü inzibati-təşkilati işdə də sınadı, uzun müddət Mədəniyyət Nazirliyi sistemindəki müəssisələrdən birinə rəhbərlik etdi.

Elsevər. Seymur Elsevər - Etibar Cəbrayıloğlu yazır

Son illər bir az məlum, bir az da naməlum səbəblərdən Seymur dostum fəal jurnalistikadan uzaq düşüb. Onun imzasına inanan və gözləyən oxucuları Seymur Elsevərdən yeni yazılar gözləyir. Xüsusi ilə mədəniyyət sahəsində Seymur Elsevər kimi peşəkar jurnalistlərə bu gün həddindən artıq ehtiyac var. Dostu və qonşusu olaraq bilirəm ki, Seymur bir neçə müddətdir Azərbaycan mədəniyyətinin öyrənilməsi və dünyada təbliği ilə bağlı layihələr üzərində çalışır, Rusiyada, Türkiyədə, Ukraynada müəyyən araşdırmalar aparır. Onun bu sahədə də uğur qazanacağına inanıram.
50 yaşın mübarək, Elsevər. Seymur Elsevər!

Etibar CƏBRAYILOĞLU

Oxşar xəbərlər