UNEC-in məzunları ilə virtual görüşlər davam edir

UNEC-in məzunları ilə virtual görüşlər davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi çərçivəsində universitetin məzunları ilə virtual görüşlər davam edir.
Budəfəki görüş UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsinin, eləcə də Magistratura mərkəzinin məzunu, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılovla təşkil olunub.
Fakültə dekanı, dosent Tofiq Osmanov UNEC məzununun fəaliyyət istiqaməti, karyera yüksəlişi, işlədiyi qurumlarda icra etdiyi vəzifələr barədə məlumat verib. Qida təhlükəsizliyi probleminin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran T.Osmanov yeni tədris ilindən qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığının həyata keçiriləcəyini bildirib.
Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov Elxan Mikayılovun UNEC-də bakalavr təhsili ilə yanaşı, magistr təhsili almasını vurğulayaraq, onun fəlsəfə doktorluğu dissertasiyasını da bu ali məktəbdə müdafiə etdiyini nəzərə çatdırıb.
Elxan Mikayılov yüksəkixtisaslı mütəxəssis kimi yetişməsində böyük əməyi olan UNEC-in professor-müəllim heyəti ilə görüşməkdən məmnunluğu ifadə edib. O, Qida Təhlükəsizliyi Agentliyinin strukturu, vəzifə bölgüsü, qida təhlükəsizliyi sahəsində Prezident İlham Əliyevin dəstəyi nəticəsində əldə edilən uğurlar barədə məlumat verib. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində aparılan genişmiqyaslı işlərdən və agentliyin gələcək planlarından danışıb.
Görüşün sonunda fakültənin məzunu professor-müəllim heyətinin suallarını cavablandırıb, qida təhlükəsizliyi məsələləri ilə bağlı müzakirələrin aparılmasının hər iki tərəf üçün faydalı olacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər