Azərbaycan Memarlıq və İnşaat Universitetinə infotur təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinə infotur təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinə virtual infotur təşkil olunub.
“Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanan infoturda universitet haqqında ətraflı məlumat verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, ali təhsil müəssisəsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Universitet ötən illər ərzində 50 minə yaxın yüksəkixtisaslı kadr hazırlayıb. Ali məktəbin məzunları təkcə ölkəmizdə deyil, xaricdə də çalışırlar.
Rektor Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, Bakının müasir simasını yaradanlar arasında rəhbərlik etdiyi müəssisənin məzunlarının – memarların, inşaatçıların əməyi böyükdür.
Universitetin strateji inkişaf üzrə prorektoru, dosent Ülkər Səttarova abituriyentlərin təhsil müəssisələri haqqında ətraflı məlumat alması baxımından layihənin önəmini vurğulayıb. O, universitetdə tələbələr üçün yaradılan təhsil imkanlarından bəhs edib, izləyiciləri maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir. Virtual infoturun keçirilməsində məqsəd abituriyentlərə ixtisas və universitet seçimlərində yaxından kömək göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmasına şərait yaratmaqdır. Həmçinin ali təhsil müəssisəsinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün şərait və imkanları abituriyentlərə təqdim etməkdir. Layihə iyunun 30-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər