Dillər Universitetində "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib

Dillər Universitetində Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümünə həsr olunan "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorunması və möhkəmləndirilməsi, ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində gördüyü böyük işlərdən bəhs edib. İpək yolunun dirçəlməsində Azərbaycanın geostrateji rolundan söz açan Rafiq Abbasov Azərbaycan-Çin əməkdaşlığının Avro-Asiya nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə sahəsində Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladığını xatırladıb. Rafiq Abbasov Çin və Azərbaycan arasında transmilli iqtisadi cinayətlərə, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunmasından danışaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti ilə Çin Xalq Respublikası Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının vacibliyini qeyd edib.
Seminarda Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev аdına Akademiyasının professoru Cəlal Qasımov “Azərbaycan təhlükəsizliyi orqanlarının keçdiyi tarixi inkişaf yolu” adlı təqdimatla çıxış edib.
Seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çan Cunqo Çinin milli təhlükəsizliyinin regional və beynəlxalq səviyyədə təmin edilməsi, Çinin milli maraqları və prioritetləri barədə danışıb.
Sonda qonaqlara Azərbaycan və Çin dillərində hazırlanan, 2003-2017-ci illərdə Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı elektron kitab təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


Dillər Universitetində "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib


Dillər Universitetində "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib

Oxşar xəbərlər