Dövlət Neft və Sənaye Universitetinin tərəfdaş olduğu layihə çərçivəsində onlayn beynəlxalq konfrans keçirilib

Dövlət Neft və Sənaye Universitetinin tərəfdaş olduğu layihə çərçivəsində onlayn beynəlxalq konfrans keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Xəzər Universitetinin təşkilatçılığı ilə UniLab layihəsi çərçivəsində “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual beynəlxalq konfrans keçirilib.
Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı universitetlər və kompaniyaların əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Açılış hissədən və iki plenar sessiyadan ibarət onlayn konfransın birinci bölməsində Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini Vüsal Musayev iştirak ediblər.
Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilən konfransda universitetlər, onların qarşılıqlı elmi əlaqələri, çətinliklər və perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Konfransa, həmçinin SOCAR, “Azərişıq” ASC, “AzerGold” QSC, “Data SoCool”, “Bakı Abadlıq” MMC, VTB bank, Xəzər Universiteti eLink Tədqiqat və İnkişaf Mərkəzindən, “Turan Drilling &Engineering” şirkətindən spikerlər qatılıblar.
Qeyd edək ki, ADNSU-nun da tərəfdaş olduğu UniLab layihəsində Pompeu Fabra (İspaniya), Lille (Fransa), Krems (Avstriya), Qomel Dövlət, Mogilyov Dövlət (Belarus) universitetləri, Orenburq, Sibir, M.Lomonosov adına Moskva Dövlət universitetləri və Almeteyvsk Neft Universitetinin (Rusiya) nümayəndələri iştirak edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər