“Diasporumuzun fəallığı erməni lobbisini çətin duruma salıb”

“Diasporumuzun fəallığı erməni lobbisini çətin duruma salıb” "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, hələ də işğalçı dövlətə «dur!» demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və bu dövlətlər dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməklə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidirlər".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı:
"Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğatı sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbayanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur".
"Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı ermənilərin törətdikləri ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirsək, erməni təxribatının şahidi olarıq" söyləyən V.Rəhimzadə bildirib ki, təkcə aşağıdakı faktı qeyd etmək kifayətdir ki, ermənilərin məkrli niyyəti bir daha bəlli olsun:
"Qurban bayramı olmasına baxmayaraq Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirmişdir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox insanlığa sığmayan vandalizm aktlarını törətmişdir. Bu kimi erməni vəhşiliklərini sadalamağımız səbəbsiz deyil. Ermənistana törətdiyi təxribatlara görə hansısa ciddi sanksiyanın təbiq olunmaması, «gözün üstə qaşın var» deyilməməsi onu daha da fəallaşdırır, işğalçılığı, terror və təxribatlarının miqyasını genişləndirməyə ruhlandırır".
Baş redaktor vurğulayıb ki, Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır:
"Bu, Azərbayanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otururlarsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Bu gün Azərbaycan dövləti Ermənistanın 12 iyul təxribatına ona görə daha çox diqqət yönəldir ki, əgər işğalçı dövlətə ciddi beynəlxalq təzyiq göstərilsəydi dünyanın əksər dövlətlərində, o cümlədən demokratiyanın beşiyi sayılan ABŞ-da azərbayanlıların aidiyyəti qurumların icazəsi əsasında keçirdikləri dinc aksiyalara, o cümlədən səfirliklərimizə, konsulluqlarımıza xarici ölkələrdəki erməni-daşnak tör-töküntüləri tərəfindən hücumlar edilməzdi. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir. Azərbaycan tərəfinin hər bir addımını lupa ilə izləyib, ən xırda məqamı belə gözdən qaçırmayan, dərhal ölkəmizi demokratik dəyərlərə hörmətsizlikdə, yaxud demokratiyanın tələblərini pozmaqda ittiham edən beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti ermənilərin və erməni diasporunun törətdiyi əməllərə laqeyd yanaşmağı daha məqsədəuyğun hesab edir. ABŞ Dövlət Departamenti dünya dövlətlərində insan hüquqlarının qorunmasına dair illik hesabatlarında daim Ermənistanı demokratiyanın tələblərinə böyük hörmətlə yanaşan ölkə kimi dəyərləndirib. Bunun nəticəsidir ki, bu gün istər ABŞ-da, istərsə də digər ölkələrdə demokratik dəyərləri kobud şəkildə pozan ermənilərin təxribatçı hərəkətlərinə göz yummağı özləri üçün çıxış yolu hesab edirlər".
"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb" söyləyən V.Rəhimzadə qeyd edib ki, Azəbaycan diasporunun fəaliyyəti, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır:
"Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbayacan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün artıq Azəbaycan diasporunun gücü həmin mifi dağıtmışdır. Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsini dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq, bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam formalaşdırmaq imkanı qazanacaqlar".

Tehsil-press.az

Oxşar xəbərlər