İslamşünaslıq ixtisasını seçənlər Dini-Psixoloji Komissiyanın qabiliyyət imtahanından keçəcəklər

İslamşünaslıq ixtisasını seçənlər Dini-Psixoloji Komissiyanın qabiliyyət imtahanından keçəcəklər Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Abituriyentlər qabiliyyət imtahanında iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda qabiliyyət imtahanına buraxılacaqlar.
Xatırladaq ki, Dini-Psixoloji Komissiya Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb. Komissiya ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşlarından ibarət olur. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. “Məqbul” qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən müvafiq ixtisas seçimində iştirak edə bilərlər.
İmtahandan “məqbul” qiymət almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, onlar müsabiqəyə buraxılmayacaq. Qabiliyyət imtahanında abituriyentlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri qiymətləndiriləcək:
- Dünyagörüşü və dini bilikləri (dinlər, habelə İslam dini barədə bilikləri, Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı, dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri);
- Dini baxışlar və dünyəvilik anlayışı (ümumi dünyagörüşündə dinin yeri və rolu, milli-mənəvi, habelə dini dəyərlərə baxışı, müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti);
- Psixoloji parametrlərin islamşünaslıq ixtisasına uyğunluğu (gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti, dövlətçilik və vətənpərvərlik mövqeyi, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti);
- Tolerantlıq və multikulturalizm təsəvvürləri (məsələn, dini müxtəlifliyə münasibəti, davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu).

Tehsil-press.az

Oxşar xəbərlər