AzMİU-nun “Enactus” komandası mükafatlandırılıb

AzMİU-nun “Enactus” komandası mükafatlandırılıb Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “2020-ci il “Enactus” Azərbaycan Virtual Milli Yarışı”nın qalibləri mükafatlandırılıb. Yarışmada 2-ci yeri qazanan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) komandasının üzvlərinə və kapitan Nərminə Hüseynliyə kubok, sertifikatlar, eləcə də hədiyyələr verilib.
Yarışda AzMİU-nun təmsilçiləri “Sehrli naxışlar” brendi adı altında özündə milli obrazları və fərqli insan fiqurlarını cəmləşdirən və fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanan oyuncaqlar təqdim ediblər. Yarışda respublikamızın 14 ali məktəbinin 700-dən çox tələbəsi iştirak edib. İlk yeri tutan Bakı Dövlət Universitetinin komandası sentyabr ayında virtual şəkildə keçiriləcək “Enactus” Dünya Kuboku 2020”də ölkəmizi təmsil etmək hüququ qazanıb.
Mükafatlandırma mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Aydınov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak ediblər.
Qeyd edək ki, 1975-ci ildə ABŞ-da təsis edilmiş “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçını əhatə edib və hər il 1,3 milyon insanın həyatını müsbət istiqamətdə dəyişir. Əsas məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yardım göstərmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək, xüsusilə də ölkələrdə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər