Azərbaycan-Fransız Universitetində bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetində bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsas binasında 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı ənənəvi qaydada keçirilib.
İmtahanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi çərçivəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınıb, sosial məsafə və gigiyena qaydaları gözlənilib.
Bakalavr proqramlarına ümumilikdə 372 tələbə qeydiyyatdan keçib və onlardan 366 tələbənin namizədliyi təsdiq edilib. Namizədlərdən 137-si qız, 229-u isə oğlandır. Müraciət edənlər arasında ən yüksək balı 685,50 olmaqla bütün tələbələrin orta balı 584,53 olub. 130 dəqiqə davam edən imtahan fizika, kimya, riyaziyyat, ümumi biliklər üzrə test tapşırıqlarından və ingilis dili üzrə essedən ibarət olub.
İmtahanın nəticələri sentyabrın 13-də elan ediləcək. Apelyasiya şikayətlərinə isə sentyabrın 14-də baxılacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş birinci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan azı 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.
Daxili imtahan Azərbaycan və rus bölmələrinin məzunları üçün müvafiq dillərdə aparılır.
UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.
Daxili imtahanda uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan uğurla keçərək qeydiyyatını təsdiq edən abituriyentlər DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirir.

Tehsil-press.az

Oxşar xəbərlər