Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2018-2019-cu tədris ili üçün qəbul imtahanı keçirilib.
Qəbul imtahanı ilə əlaqədar UFAZ-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunub. Brifinqdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ və bu ali məktəbə qəbul imtahanı haqqında məlumat verib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında birinci qrup üzrə 500-dən çox bal toplayan 523 abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.
UFAZ-da müvafiq ixtisaslar üzrə 120-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
Saat 10.00-da başlanan imtahan saat 12.00-da başa çatıb. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb, ingilis dilində qrammatik çalışma və esse yazıblar.
İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə UFAZ-a qəbul olmuş gənclərin adlarını DİM-ə təqdim edəcək. Onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur qazana bilməyən gənclər DİM-in mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
İmtahanın nəticələri iyulun 27-də elan olunacaq. Nəticələrlə razılaşmayan abituriyentlərin iyulun 28-də Apellyasiya Komissiyasına müraciət etmək imkanı olacaq.
Azərbaycan-Fransız Universitetində dörd ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-ın məzunları Strasburq Universiteti və ya Renn I və ADNSU-nun diplomlarını alacaqlar.
UFAZ layihəsi Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə reallaşdırılıb.
UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və üç il əsas tədris olmaqla dörd il ərzində həyata keçirilir. Təhsil ingilis dilindədir. Eyni zamanda, hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.

Hüseyn Şərifov


Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib

Oxşar xəbərlər