Erməni təcavüzünün qurbanı olan şagirdlərin sayı 10-a çatıb

Erməni təcavüzünün qurbanı olan şagirdlərin sayı 10-a çatıb 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. O, Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.
Bununla da erməni təcavüzünün qurbanı olan şagirdlərin sayı 10-a çatıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində sentyabrın 27-dən oktyabrın 30-dək 9 məktəbli həlak olmuşdu.
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak olub. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.
Naftalan şəhərinin atəşə tutulması nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdi idi. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.
Gəncə şəhərinə raket atılması nəticəsində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin10-cu sinif şagirdi Nigar Əsgərova, 7-ci sinif şagirdi Artur Mayakov, 6-cı sinif şagirdi Orxan Xəlilli, 1-ci sinif şagirdi Məryəm Xəlilli həlak olublar.
Bərdə rayonunun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Aysu İsgəndərova da düşmən təxribatına qurban gedib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 16 məktəbli xəsarət alıb və 50-dək təhsil müəssisəsinə zərər dəyib.

Tehsil-press.az

Oxşar xəbərlər