Azərbaycanın ilk riyaziyyatçı qadın alimi

Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb. Onun ilk monoqrafiyası 1945-ci ildə Azərbaycanın gənc alimlərinin müsabiqəsində ən yüksək mükafata layiq görülüb.
Tehsil-press.az Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanı olan “Elm” qəzetinin əməkdaşı Sarvan Kərimovun alim haqqında araşdırmasını təqdim edir.
Maya Hüseynəli qızı Hacıyeva 1914-cü ildə Şuşa şəhərində anadan olub. Özü tərcümeyi-halında göstərir: “Atam Hüseynəli kişi xırda əşyaların ticarəti ilə məşğul olub, anam isə evdar qadın idi. Biz çox kasıb dolanırdıq. Sovet hakimiyyəti qurulduqdan sonra mən Şuşada ibtidai sinfi oxuyub, sonra realnı məktəbi bitirdim. 1928-ci ildən 1931-ci ilədək Şuşa Pedaqoji Texnikumunda təhsil aldım”.
Dəqiq elmlərə böyük maraq göstərən Maya Hacıyeva arzularının arxası ilə Bakıya gəlir. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika–riyaziyyat fakültəsinə qəbul olunur. Lakin Mayanın həyatına bu sevincli anlarla yanaşı, faciəli günlər də yazılır. Azərbaycan Respublikasının prokuroru işləyən böyük qardaşı, görkəmli dövlət xadimi Hüsü Hacıyev 1931-ci ildə Ağdaş rayonunda qaçaqlar tərəfindən öldürülür. Gənc Maya ağır itki ilə üzləşsə də, özündə güc tapıb ruhdan düşmür. Bakıda mərhum qardaşının ailəsi ilə birgə yaşayır. Dünyalar qədər sevdiyi qardaşının qoxusunu onun ailəsindən alır. Təhsilini davam etdirir. Ali məktəbdə qabiliyyət və bacarığı ilə tanınan tələbəyə çevrilir və 1935-ci ildə məzun olur. İnstitut rəhbərliyi istedadlı gəncə qayğı göstərərək təhsilini davam etdirmək üçün onu Moskvaya göndərir. Beləliklə, 1935-1938-ci illərdə Maya M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alaraq Bakıya qayıdır. O dövrdə ali təhsil ocaqlarında belə savadlı gənclərə böyük ehtiyac var idi. Maya Hacıyeva Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) assistent kimi fəaliyyətə başlayır. Eyni zamanda, Azərbaycan Pedaqoji İnstitutunun Nəzəri fizika kafedrasında (1939-1941), sonra keçmiş Azərbaycan Sənaye İnstitutunun (1943-1952) Ali riyaziyyat kafedrasında çalışır.
İkinci Dünya müharibəsinin başlanması Mayanın elmi axtarışlarında istiqamətlərini dəyişməsinə səbəb olur. O, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə bitirərək “Helmhols tənliyi üçün sərhəd məsələsi” mövzusunda dissertasiyanı uğurla müdafiə edir. Növbəti il bu universitetin Elmi şurasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi adını alan Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşür.
1944-cü ildən Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında dosent kimi fəaliyyət göstərən Maya xanım yarım əsrdən artıq bir ömrünü tədrisə, yalnız gənclərin mükəmməl təhsil almasına həsr edir, işlədiyi dövrdə dövlət və ali məktəb rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülür. Ən böyük mükafatı isə onun cəmiyyətə, millətə bəxş etdiyi istedadlı gənclər olur.
Universitetlərdə, orta məktəblərdə və digər elm, peşə sahəsində çalışan bir çox ziyalılar onu əvəzolunmaz şəxsiyyət, fədakar elm xadimi, qayğıkeş ana kimi xarakterizə edirlər. Bildirirlər ki, o, hər bir tələbəyə ana nəvazişi ilə yanaşar, təqaüd almayanlara yardım göstərərdi.
Bakı Dövlət Universiteti 1999-cu ildə öz qocaman müəllimi Maya Hacıyevanın elmi-pedaqoji fəaliyyətinin 60 və anadan olmasının 85 illik yubileyini qeyd edir. Lakin bir neçə ay sonra - sentyabrın əvvəlində Maya xanım hər anı əvəzsiz olan fədakar ömrünü qayğısı ilə yaşadığı tələbələrinə bağışlayır. Ana kimi sevdikləri ilk riyaziyyatçı qadın alimi çiyinlərində son mənzilə aparan tələbə-övladların sonrakı ömür səhifələrində o, unudulmaz xatirələrə çevrilərək əbədiyaşarlıq haqqı qazanır.

Tehsil-press.az

Oxşar xəbərlər