BDU-da Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin onlayn görüşü keçirilib

BDU-da Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin onlayn görüşü keçirilib Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) birinci kurs tələbələri ilə onlayn görüşü keçirilib.
Tədbirdə fakültə dekanı Abdulsəyid Əzizov gələcəkdə tələbələrin yüksəkixtisaslı kimyaçı kadrlar kimi formalaşması məqsədilə TEC xətti ilə yerinə yetirilən elmi tədqiqat işlərinin xüsusi önəm daşıdığını qeyd edib. O, tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin inkişaf etdirilməsi üçün elmi dərnəklərin, klubların fəaliyyətindən danışıb. Tələbə Elmi Cəmiyyətinin bu istiqamətdə fəaliyyətinin gücləndirməsinin vacibliyinə diqqət çəkib.
Kafedra müdirləri Teymur İlyaslı, İbrahim Məmmədov, Rasim Alosmanov, Eldar Əhmədov, Famil Çıraqov rəhbərlik etdikləri kafedraların elmi istiqamətləri və TEC xətti ilə aparılan tədqiqat işləri haqda ətraflı məlumat veriblər.
Görüşdə karantin dövründə tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasının optimal imkanları müzakirə edilib. Birinci kurs tələbələrini elmi tədqiqat işlərinə cəlb etmək üçün fakültədə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyası ilə əməkdaşlığın, olimpiadalarda iştirak etmək üçün onlayn məşğələlərin keçirilməsinin vacib olduğu vurğulanıb.
Onlayn tədbirdə TEC-in yeni tərkibdə seçilmiş idarə heyəti təqdim edilib və sədr Rahilə Əhmədova gələcək planlar haqqında ətraflı məlumat verib. Dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov tələbələrə onlayn və ya ənənəvi formatdan asılı olmayaraq, elm, təhsil üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.
“Microsoft Teams” platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər