BDU-da elmi seminar: Rəsul Rza və folklor

BDU-da elmi seminar: Rəsul Rza və folklor Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyinə həsr edilmiş “Rəsul Rza və folklor” mövzusunda onlayn elmi seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə kafedranın müdiri, professor Səhər Orucova Xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından, folklor motivli əsərlərindən, ədibin folklor nümunələrinin toplanması və nəşri sahəsindəki əvəzsiz xidmətlərindən söz açıb.
Elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə pandemiya şəraitində fakültə əməkdaşlarının elmi fəaliyyətindən danışıb, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə keçirilən elmi seminarların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib.
Sonra kafedranın doktorantı Aynurə Qurban “Rəsul Rza yaradıcılığında folklor bir qaynaq kimi”, II kurs magistrantı Günay Musayeva “Rəsul Rza poeziyasında ağac və dağ kultu” və I kurs magistrantı Nərminə Xanəliyeva “Rəsul Rzanın “Rənglər” silsiləsi əsərində rənglərin simvolik çalarları” mövzularında məruzə ediblər. Məruzələrdə xüsusi qeyd olunub ki, Rəsul Rza Azərbaycan xalqının bu qədim söz sərvətinə - folklora milli şüurun inkişafının nəticəsi kimi baxıb və əsərlərində xalq ədəbiyyatı nümunələrindən geniş şəkildə bəhrələnib. Xalq ədəbiyyatının zənginliklərindən uğurla faydalanan ədib folklor nümunələrini milli şüurun formalaşmasında xüsusi bir mərhələ sayıb və buna görə də bütün yeniliklərində milli dəyərlərdən uzaq düşməməyə çalışıb.
Rəsul Rzanın nəvəsi, yazıçı-publisist Günel Anarqızı tədbirin təşkilatçılarına və fakültə rəhbərliyinə təşəkkürünü bildirib, babasının ömür yolu və irsi ilə bağlı maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb.
Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, R.Rzanın Azərbaycan ensiklopediyasının hazırlanmasında əvəzolunmaz xidmətlərindən, uşaq ədəbiyyatının yaranması və inkişafındakı rolundan, tərcüməçilik fəaliyyətindən danışıb, böyük şairin ədəbi yaradıcılığı ilə bağlı vacib məsələlərə toxunub.
Tədbirdə R.Rzanın həyat və fəaliyyətindən bəhs olunan videoçarx nümayiş etdirilib, III kurs tələbəsi Nadir Rzalının ifasında şairin “Unutmayın” şeiri və sözlərinə bəstələnmiş “Sənə də qalmaz” mahnısı səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər