Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq 20 Yanvar gecəsi ilə bağlı xatirələrini bölüşüb: "İllər keçməsinə baxmayaraq, o gecə baş verən hadisələri heç bir azərbaycanlı unutmur və unutmayacaq. O günlər nə qədər ağır olsa da, xalqımızı müstəqilliyə aparan şərəfli yol idi. Arzu edərdim ki, bir də heç vaxt xalqımız bu cür faciələr yaşamasın, öz yurd-yuvalarından didərgin düşməsin, şəhidlərimiz olmasın, anaların gözləri yaşlı qalmasın”.
ADMİU-nun prorektoru, professor Validə Məmmədova bildirib ki, Vətən müharibəsindəki böyük Qələbə 20 Yanvar faciəsinin xalqımızın qəlbində açdığı 30 illik yaranı sağaltdı, bizə həm torpaqlarımızı, həm də inamımızı qaytardı.
Dosent Nigar Rüstəmova deyib: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər, əslində, xalqımızın çətin vaxtlarda yumruq kimi birləşməsinin təcəssümü idi. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə ilə həm 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin qisası alındı".
“20 Yanvar hadisələri bizim qan yaddaşımıza həkk olub”- deyən ADMİU-nun prorektoru Sədaqət Əliyeva da o dəhşətli gecə ilə bağlı xatirələrini bölüşüb, bir daha bu cür faciələrin yaşanmamasını arzulayıb.
Tədbirdə professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Rafiq Quliyev və dosent Xaləddin Sofiyev çıxış edərək Azərbaycan xalqının tarixən mərd, qorxmaz və cəsarətli xalq olduğunu, öz müstəqilliyini canı, qanı bahasına əldə etdiyini vurğulayıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsində yeni dövrün başlanğıcı oldu və Vətən müharibəsindəki şanlı Qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı.

Tehsil-press.az



Oxşar xəbərlər