AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr edilmiş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 20 Yanvar hadisələrində, ümumiyyətlə Qarabağ müharibəsində, Aprel döyüşlərində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan və bunun nəticəsində günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, ozamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Rektor 20 Yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, o cümlədən 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.
İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova Azərbaycan tarixinin şərəfli və qanlı səhifəsi olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb. O qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir.
Tələbələrdən Məhbubə Nağızadə və Nüsrət Fərəcli yaxın keçmişimizin qanlı səhifəsi olan Yanvar hadisələri barədə fikirlərini paylaşıb, ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.
Sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər gül dəstələri düzüblər.

AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıbAzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tehsil-press.az

Oxşar xəbərlər